BAKI, 2 oktyabr. TELEQRAF

Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı dediyi kimi ilk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Qurultay yüksək əhval-ruhiyyədə baş tutur.

Teleqraf xəbər verir ki, bu sözləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qurultayın birinci hissəsində hesabat-məruzəsi dinlənilib:

"Müasir dünyada vəziyyətin mürəkkəbləşməsi və beynəlxalq təşkilatların rolunun zəifləməsi fonunda Azərbaycanın gücünü yüksək səviyyədə təmin etməsi olduqca vacibdir. Prezident İlham Əliyev çıxışında müxtəlif istiqamətlər üzrə mühüm fikirlər səsləndirib. Bu çərçivədə Yeni Azərbaycan Partiyasının müasir dünyadakı rolu, o cümlədən Azərbaycanda həyata keçirilən siyasətdə yeri, qarşıda duran vəzifələr, xüsusilə ideoloji sahədə qarşıya qoyulan vəzifələr diqqətə çatdırılıb".

Deputat bildirib ki, hazırkı şəraitdə Azərbaycanın əsas hədəflərindən biri güclənməkdir.

“Azərbaycanın əsas hədəflərindən biri güclənməyimizdir – həm iqtisadi cəhətdən, həm də ordu quruculuğu sahəsində güclü işlərin görülməsidir”, - deyə o qeyd edib.

Mübariz Qurbanlı əlavə edib ki, Prezident İlham Əliyev çıxışında müasir dünyada vəziyyətin mürəkkəb olduğunu, beynəlxalq təşkilatların rolunun zəiflədiyini vurğulayıb. O bildirib ki, belə şəraitdə güclü olmaq və öz gücünü yüksək səviyyədə təmin etmək olduqca vacibdir.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvləri Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində, eləcə də ölkənin qarşısında duran vəzifələrin yerinə yetirilməsində öz töhfələrini verirlər: “Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvləri bu prosesdə Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində, o cümlədən ölkəmizin qarşısında duran vəzifələrin həyata keçirilməsində öz töhfəsini verir və bundan sonra da verəcək”.