BAKI, 28 aprel. TELEQRAF
Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmirbərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək (qiymətləndirmə xərcləri daxil olmaqla).
Bundan başqa, həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqları ödəniləcək (bank xərcləri daxil olmaqla).
Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
Sərəncamın bu hissəsinin icrasını Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirəcək.
Qeyd edək ki, Bakıda və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 manat vəsait ayrılıb.