BAKI, 27 avqust. TELEQRAF
Ermənistanın 2026-cı ilin dövlət büdcəsinə əsasən, “Hökumət Xüsusi İqamətgahlar Təsərrüfatı” QHT-nin maliyyələşdirilməsi 621 milyon 340 min 100 dram təşkil edir. 2023-cü ildə bu məbləğ təxminən 542 milyon dram, 2024-cü ildə isə artıq 603 milyon dram olub. Bu il isə 2025-ci illə müqayisədə 18 milyon dram artıb.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, bu vəsaitlər yalnız yüksək vəzifəli şəxslərə (Baş nazir, Prezident və digərləri) ayrılmış dövlət iqamətgahlarının və ərazilərinin mühafizəsinə, kommunal xərclərə, təhlükəsizliyə və texniki xidmətə sərf olunur:
“Amma məlum olur ki, bütün xərcləri - ərzaqdan, tualet kağızından tutmuş digər məişət ehtiyaclarına qədər buradan qarşılayırlar. Məsələn, təsadüfən öyrəndik ki, bu qurum hətta Baş nazir Nikol Paşinyanın qızlarının manikür xərclərini də ödəyir. Mənbəmiz bildirib: “Gedib manikür-pedikür etdirirlər, sonra pulu “Hökumət Xüsusi İqamətgahlar Təsərrüfatı”dən salonun hesabına köçürürük”.
Məlumatı dəqiqləşdirməyə çalışsaq da, qurumun telefon nömrələri ictimaiyyət üçün əlçatan deyil. Açıqlama almaq ümidi ilə baş nazirin yeni təyin olunmuş mətbuat katibi Melaniya Arutyunyanla əlaqə saxladıq. Yazılı sorğu göndərməyimizi istədi, göndərdik və artıq təxminən 15 gündür cavab gözləyirik.
Müəmmalı sükutdan belə nəticəyə gəlmək olar ki, məlumatı təsdiqləmək istəməyiblər, amma təkzib də edə bilməyiblər və buna görə heç nə deməməyi üstün tutublar.
Beləliklə, səhərdən axşama qədər ictimai vəsaitlərin talanmasından danışan Paşinyan və onun ailə üzvlərinin ən adi ehtiyacları belə dövlət büdcəsinin hesabına qarşılanır”.