BAKI, 20 avqust. TELEQRAF

Ermənistan hökuməti kilsədə islahat, maliyyə şəffaflığının və ruhanilərin mənəvi dürüstlüyünün təmin edilməsi məqsədilə bir sıra addımlar atmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün təsdiqlənmiş yeni proqramında bildirilir.

Hökumətin bu gün təsdiqlədiyi proqramda məsələyə “Dini Təhlükəsizlik” adlı ayrıca bölmə həsr olunub.

Sənəddə bildirilir ki, dəyərlərə əsaslanan dini həyatın formalaşdırılması probleminin həlli üçün Erməni Apostol Kilsəsində islahatlar həyati zərurət daşıyır.

Proqramda xarici qüvvələrin erməni kilsəsindən hibrid mübarizədə dayaq kimi istifadə etməsi təhlükəsindən” də bəhs edilir:

“Erməni Apostol Kilsəsində islahat gündəliyi kilsənin kanonik çərçivəyə salınmasına xidmət edir və onun siyasiləşdirilməsini istisna edir. Dini təhlükəsizliyin təmin edilməsi, xarici qüvvələrin Erməni Apostol Kilsəsindən hibrid mübarizədə dayaq nöqtəsi kimi istifadə etmək cəhdlərinin qarşısının alınması və kilsədə islahat məqsədilə aşağıdakı gündəliyin həyata keçirilməsinə yönəlmiş səylər göstəriləcək:

Erməni Apostol Kilsəsinin faktiki rəhbərinin (katolikos II Qareginin) vəzifədən uzaqlaşdırılması (təqaüdə göndərilməsi) təmin ediləcək və müəyyən edilmiş qaydada katolikosun müvəqqəti əvəzləyicisinin seçilməsi həyata keçiriləcək;

Erməni Apostol Kilsəsinin nizamnaməsinin qəbul edilməsi təmin olunacaq. Nizamnamədə mövcud prinsiplərə riayət olunması, maliyyə şəffaflığı və ruhanilərin mənəvi dürüstlüyünün təmin edilməsi mexanizmləri müəyyənləşdiriləcək;

Müəyyən edilmiş qaydada bütün ermənilərin katolikosunun seçilməsi təmin ediləcək”.

Hökumət həmçinin din adamlarının dövlətin sosial təminatlar sisteminə daxil edilməsinə və kilsənin maliyyələşdirilməsinin şəffaflığının təmin olunmasına başlayacaq.