BAKI, 13 avqust. TELEQRAF
Ermənistan Azərbaycandan elektrik enerjisi idxal edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Enerji ticarətinə gəlincə, iki istiqaməti nəzərə almaq lazımdır. Artıq bəyan etmişik ki, Ermənistanın elektrik enerjisi artıqlığı var. İndi isə Ermənistanın elektrik enerjisinə tələbatı arta bilər”, - o qeyd edib.
Paşinyan vurğulayıb ki, Ermənistanda süni intellekt zavodlarının fəaliyyətə başlaması enerjiyə olan tələbatı artırır:
“Belə müəssisələr təsəvvürlərimizi aşan miqyaslarda elektrik enerjisi istehlak edirlər. Enerji strategiyalarımızı yenidən nəzərdən keçirməliyik ki, yeni şəraitə və gözləntilərə uyğun imkanlara malik olaq. Bizim strategiyamız 100 faiz enerji müstəqilliyidir”.
Paşinyan əlavə edib ki, bu, Ermənistanın beynəlxalq elektrik enerjisi ticarətindən kənarda qalacağı anlamına gəlmir: “Bəzən elektrik enerjisi ixrac edə, bəzən isə idxal edə bilərik. O cümlədən Azərbaycanla da tərəfdaşlıq edə bilərik”.
Nikol Paşinyan Azərbaycan mütəxəssislərinin 2025-2026-cı illərdə TRIPP layihəsi çərçivəsində reallaşdırılması planlaşdırılan elektrik xətləri, dəmir yolu, boru kəmərləri və digər məsələləri müzakirə etmək üçün Ermənistanda olduqlarını da açıqlayıb.
O qeyd edib ki, ilk səfər 2025-ci il sentyabrın 5-də baş tutub:
“Daha bir səfər də olub, onunla bağlı da məlumat yayılıb - yanvarın 15-də. Bu dəfə artıq dəmir yolu məsələsi ilə bağlı idi. Əvvəllər də demişik ki, elektrikötürücü xətlər, boru kəmərləri, kabellər, dəmir yolu və bu kimi məsələlər üzrə işləyirik, ikitərəfli iş aparılır”.