BAKI, 31 iyul. TELEQRAF
“Baş nazir Nikol Paşinyanın Ermənistanın öz dəmir yolu infrastrukturunu tam şəkildə idarə etmək üzrə ayrılmaz hüququnun təsdiqlənməsini alqışlayıram”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan hökumətinə yaxın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.
“Ermənistanın dəmir yolu milli strateji mülkiyyətdir və yalnız Ermənistanın suverenliyi, iqtisadi inkişafı və təhlükəsizlik prioritetləri əsasında idarə olunmalıdır. Söhbət təkcə infrastrukturun idarə olunmasından getmir. Bu, Ermənistanın suverenliyi, strateji müstəqilliyi və öz ölkəsi üzərində tam nəzarəti ilə bağlı prinsipial məsələdir. Ermənistanın həyati əhəmiyyət daşıyan infrastrukturunun taleyi heç bir xarici dövlətin (Rusiyanın) və ya şirkətin siyasi maraqları və ya iqtisadi maraqları ilə müəyyən edilə bilməz. Heç bir saziş Ermənistanın mülkiyyət və suveren hüquqlarını məhdudlaşdıran alətə çevrilə bilməz. Dövlət öz əmlakını maneəsiz idarə etməli və ondan ancaq Ermənistanın milli maraqlarına xidmət etmək üçün istifadə etməlidir”, - o bildirib.
Babacanyan qeyd edib ki, Ermənistan onilliklər ərzində strateji əhəmiyyətli aktivlər üzərində nəzarəti qeyri-bərabər, qeyri-şəffaf və dövlət maraqları baxımından şübhəli şərtlərlə Rusiyaya güzəştə gedib:
“Bu ağır məsələ yenidən qiymətləndirilməli və düzəldilməli, dövlətin tam nəzarəti və məsuliyyəti bərpa olunmalıdır. Dəmir yolu sisteminin hüquqi, maddi və texniki baxımdan hərtərəfli auditi aparılmalı, götürülmüş öhdəliklərin yerinə yetirilməsi açıq şəkildə qiymətləndirilməli və zərurət yarandıqda, daxili və beynəlxalq hüququn bütün alətlərindən istifadə edilməklə qüvvədə olan müqavilələrə yenidən baxılmalı və ya onlara xitam verilməlidir”.
Partiya sədri əlavə edib ki, Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması şəraitində Ermənistan öz ərazisinin, sərhədlərinin və infrastrukturunun tamhüquqlu və suveren sahibi kimi çıxış etməlidir:
“Ermənistan ərazisindən keçən hər bir yol və dəmir yolu dövlətimizin yurisdiksiyası, qanunvericiliyi, sərhəd və gömrük nəzarəti altında fəaliyyət göstərməlidir. Ermənistanın mülkiyyəti alver mövzusu deyil. Ermənistan dəmir yolu Ermənistan Respublikasına və onun vətəndaşlarına xidmət etməlidir”.
Xatırladaq ki, Nikol Paşinyan iyulun 30-da növbəti dəfə Ermənistan dəmir yollarının idarəçiliyinin Rusiyadan alınması ilə bağlı açıqlama verib. Baş nazir bəyan edib ki, Rusiya ilə bu məsələ dostluq şəraitində həll edilməsə, arbitraj məhkəməsinə müraciət edəcəklər.
Ermənistan 2008-ci ildə - o vaxtkı prezident Robert Köçəryanın hakimiyyəti dövründə dəmir yolu infrastrukturunu güzəşt əsasında və ya borc müqabilində “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolları”na təhvil verib. Nikol Paşinyan bu ilin fevralında Rusiya və Ermənistanla dost münasibətləri olan bir ölkənin ölkənin dəmir yollarının güzəştli idarəetmə hüquqlarını ala biləcəyini açıqlayıb. Ermənistan hökumət başçısı Azərbaycan və Türkiyə ilə dəmir yollarının bərpası üçün bunun önəmli olduğunu bildirib.