BAKI, 31 iyul. TELEQRAF
“Ermənistan böyük sarsıntılarla üz-üzə qalmaq ehtimalı ilə qarşı-qarşıyadır”.
Teleqraf xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının həbsdə olan sədri, oliqarx Qaqik Sarukyan deyib.
“Ermənistan böyük sarsıntılarla üz-üzə qalmaq ehtimalı ilə qarşı-qarşıyadır. Söhbət nəzəri gələcəkdən yox, yaxın aylarda baş verə biləcək tam real proseslərdən gedir. Göz açıb-yumana qədər özümüzü son dərəcə mürəkkəb vəziyyətdə görə bilərik. Bunu anlamaq üçün təkcə Rusiya-Ukrayna müharibəsinin və İran-ABŞ münaqişəsinin yaratdığı risklər kifayətdir.
Məni ölkəmizin iqtisadi problemləri və bizə süni şəkildə sırıdılan seçim - “Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyi?” məsələsi ciddi narahat edir. Qarşımızda belə kəskin seçim qoyan həm Qərb, həm də Rusiyadır. Amma problem ondadır ki, biz öz-özümüzü belə sərt qarşıdurma xəttinə gətirib çıxarmışıq. Bura Azərbaycan və Türkiyənin tələblərini də əlavə edin”, - o bildirib.
Sarukyan qeyd edib ki, bu, artıq çoxlarının sadəlövhlüklə düşündüyü kimi, iki stul arasında oturmaq məsələsi deyil:
“Hər halda, iki stul seçim imkanı verir. Hazırkı vəziyyətdə isə istənilən qərar, istənilən addım qarşı tərəfin ciddi reaksiyasına və risklərə səbəb ola bilər”.