BAKI, 23 iyul. TELEQRAF
“Gürcüstan Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək istəyir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə açıqlamasında deyib.
Baş nazir qeyd edib ki, Gürcüstan müxtəlif ölkələr üçün hərtərəfli regional mərkəzə çevrilə bilər, bunun üçün isə ölkənin malik olduğu potensialdan maksimum istifadə etmək məqsədilə fəal iş aparılmalıdır:
“Maksimum dərəcədə beynəlxalq əlaqələrimizi genişləndirməyə fokuslanmışıq. Xüsusilə Asiya istiqamətində fəaliyyətimizi fəallaşdırmışıq. Bu çərçivədə çoxsaylı mühüm səfərlər və görüşlər keçirilib. Mərkəzi Asiya ölkələri ilə sıx münasibətlərimiz var. Qonşularımız - Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığımızı daha da dərinləşdirmək istəyirik.
Strateji coğrafi mövqeyimiz bizim ən böyük üstünlüklərimizdən biridir və ondan səmərəli istifadə etmək çox vacibdir. Bundan əlavə, bir çox ölkə ilə azad ticarət sazişlərimiz mövcuddur ki, bu da digər dövlətləri Gürcüstanla iqtisadi əlaqələri inkişaf etdirməyə təşviq edir. Gürcüstan müxtəlif ölkələr üçün regional mərkəzə çevrilə bilər və bu potensialdan maksimum yararlanmaq üçün fəal işləməliyik”.