BAKI, 1 iyul. TELEQRAF

“Regionun dövlət başçıları həmişə müəyyən bir ölkədə keçirilən və həmin ölkə üçün vacib olan tədbirlərdə iştirak edirlər. Bu, əvvəllər də baş verib, bu gün də baş verir, gələcəkdə də baş verəcək”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin Prosedur Məsələləri Komitəsinin sədri Davit Matikaşvili Prezident Mixeil Kavelaşvilinin İranın keçmiş ali rəhbəri Əli Xameninin dəfn mərasimində iştirak qərarına yerli müxalifətin etirazını şərh edərkən deyib.

Deputat İran nümayəndə heyətinin yaxınlarda Ermənistana səfər etdiyini, amma heç bir reaksiyaya səbəb olmadığını qeyd edib:

“İran nümayəndə heyətinin qonşu ölkəyə səfərini gördük, bu, heç bir reaksiya doğurmadı. İndi isə tamamilə adi, beynəlxalq diplomatiyanın xarakterik və zəruri elementi olan tədbirləri - istər andiçmə mərasimi, istər dəfn mərasimi və ya buna bənzər tədbirlər olsun, ayrı-ayrı dövlətlərin birinci şəxsləri iştirak edirlər - guya dövlətimizin həyata keçirmədiyi siyasət kimi təqdim etməyə çalışırlar. Gürcüstanla İran arasındakı minimal iqtisadi əlaqələr də bunun sübutudur”, - Matikaşvili bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülən Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn olunacaq.