BAKI, 1 iyul. TELEQRAF
“Hazırda TRIPP layihəsi (“Tramp marşrutu”) Ermənistan-ABŞ formatında həyata keçirilir, müvafiq saziş imzalanıb, hazırda icra mərhələsindədir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.
Moskvanın TRIPP-in Rusiyanın iştirakı olmadan səmərəli olmayacağı və İrəvan üçün hansısa formatda Rusiyanın layihəyə qoşulmasının məqbul olub-olmaması ilə bağlı suala cavab verən nazir müavini bildirib: “Gələcəklə bağlı indidən hansısa fərziyyələr irəli sürmək istəməzdim. Düşünürəm ki, buna ehtiyac yoxdur”.
TRIPP-in həyata keçirilməsi halında bunun Avrasiya İqtisadi Birliyinin (AİB) qaydalarına uyğun olub-olmayacağı barədə suala isə Safaryan müsbət cavab verib.
“Hazırda Ermənistan Respublikası AİB-in üzvüdür və AİB-in tranzit qaydaları qüvvədədir. AİB-in gömrük tənzimləmələrini bizim gömrük orqanlarımız həyata keçirir. Buna görə də burada heç bir problem görmürük. Bu mərhələdə hansısa problem yaranmır”.