BAKI, 29 iyun. TELEQRAF

“Biz regionumuzda sülhün əsas mərkəzlərindən biri və seçilən ölkə kimi mövqelərimizi daha da möhkəmləndirmək üçün bütün qonşularımızla münasibətləri inkişaf etdirməyi planlaşdırırıq”.

Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvili Ermənistanın Tehranla sıx münasibətləri fonunda Gürcüstan müxalifətinin hakimiyyəti İranla əlaqələrə görə tənqid etməsi barədə sualı belə cavablandırıb:

“Bu, daxili radikalların, eləcə də (amerikalı senator) Co Uilson kimi siyasətçilərin səsləndirdiyi iddiaların tamamilə absurd olduğunu göstərir. Onlar gah bizi “iranyönlü”, gah “çinyönlü”, gah da başqa adlarla ittiham edirlər. Halbuki eyni regionda yerləşən, oxşar ölçüyə və xarici siyasət istiqamətinə malik digər ölkələrə münasibətdə belə iradlar eşitmirik. Bu, bir daha sübut edir ki, Co Uilson kimi siyasətçilərin Gürcüstanı “iranyönlü” adlandırması və buna bənzər ittihamları tamamilə saxtadır. Hər bir dövlətin suverenliyinin əsas prinsipi ondan ibarətdir ki, xarici siyasətini öz milli maraqlarına uyğun müəyyənləşdirsin. Ermənistan da belə edir, Azərbaycan da, regiondakı bütün ölkələr də, Gürcüstan da”.

Spiker əlavə edib ki, Gürcüstan öz xarici siyasətində milli maraqlarını necə irəli aparacağını heç kimdən soruşmayacaq:

“Əlbəttə, Gürcüstan öz region ölkələri ilə münasibətlərini necə quracağını nə Co Uilsondan, nə də hər hansı xarici siyasətçidən soruşacaq. Çünki biz artıq görmüşük ki, bu məsələlərdə düşünülməmiş addımlar atanlar müxtəlif regionları, o cümlədən bizim regionu hansı vəziyyətə gətirib çıxarıblar. Biz regionumuzda sülhün əsas mərkəzlərindən biri və sabit ölkə kimi bütün qonşularımızla qarşılıqlı faydalı münasibətlər qurmaq və mövqelərimizi daha da gücləndirmək niyyətindəyik”.