BAKI, 29 iyun. TELEQRAF
“Yaxın vaxtlarda təcili tədbirlər görməsək, Gürcüstanı çox böyük sınaq gözləyir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
“Bu gün Gürcüstanda baş verənlərin hamısı Bidzina İvanişvilinin Rusiyaya verdiyi vədləri dəqiqliklə yerinə yetirməsinin nəticəsidir. Əgər 2012-ci ildə Rusiyanın əsas məqsədi məni məğlub etmək idisə, 2022-ci ildə Gürcüstanı tam şəkildə özlərinə tabe etdirməyə qərar verdilər. Məhz buna görə də İvanişvilinin əli ilə “denasifikasiya” prosesinə başladılar. Bu isə Vahid Milli Hərəkat Partiyasının sıradan çıxarılması və tarixi yaddaşın Rusiya ssenarisi üzrə yenidən formalaşdırılması deməkdir”, - o bildirib.
Saakaşvili Moskvanın göstərişi ilə Gürcüstanda siyasi həbslərin həyata keçirildiyini də iddia edib:
“Ümumilikdə İvanişvili rejimi İkinci Dünya müharibəsi dövründə Fransadakı Vişi rejimini demək olar ki, tam təkrarlayır. Amma Rusiya-Ukrayna müharibəsinin son mərhələsində Moskvanın vəziyyəti ağırlaşdıqca İvanişvilinin də Peten, Mussolini, Horti və Kvislinq kimi kənarlaşdırılması mümkündür. Bundan sonra isə Rusiya Gürcüstan ərazisinə birbaşa nəzarət etməyə cəhd göstərə bilər.
Hazırda bazarlıq mərhələsindəyik. Rusiya İvanişvilini Sxinvali bölgəsinin (Cənubi Osetiya) ilhaqı ilə hədələyir. İvanişvili isə bildirir ki, onu hakimiyyətdən uzaqlaşdırmağa cəhd etsələr, Qərblə yaxınlaşacaq. Əgər bu şantaja sonadək boyun əysə, bu, Gürcüstanın tam ilhaqını daha da sürətləndirəcək. Gürcüstanın fiziki işğalı isə çətin deyil. İvanişvili ölkə iqtisadiyyatını və turizmini tam şəkildə Rusiyadan asılı vəziyyətə salıb. Rusiyanın iqtisadi embarqo tətbiq etməsi, turist axınını dayandırması, “Luqar” laboratoriyasına bir raket atması və Sxinvalidən iki avtomobillə əsas magistralı bağlaması kifayət edər ki, İvanişvili özü də hakimiyyətdən getsin və Rusiya tam hərbi işğala başlasın. Onlar xalqın ən yaxşı nümayəndələrini məhv edəcək, insanların qaçmağa belə vaxtı olmayacaq və ölkə qan gölünə çevriləcək. Fikrimcə, bu, real və təxirəsalınmaz təhlükədir”.
Sabiq prezident hesab edir ki, Gürcüstanın hərbi müqavimət göstərmək imkanı yoxdur:
“İvanişvili ordunu beş briqadadan dördə endirib və həmin dörd briqada da tam komplektləşdirilməyib. Hərbçilərə daim müqavimət göstərməyin məqsədəuyğun olmadığı aşılanır. Mənim dövrümdə yaradılmış dron departamentinin rəhbəri ölkəni tərk edib, etiraz aksiyalarına qatılır, departament isə faktiki olaraq fəaliyyətini dayandırıb.
Bu dövr uzun çəkməyəcək, çünki Ukrayna tezliklə qalib gələcək. Ancaq Gürcüstan üçün çox qanının axacağı mərhələ ola bilər. Təəssüf ki, hadisələr hazırda bu istiqamətdə inkişaf edir. Bu ssenarinin qarşısını almağın yeganə yolu ruslardan əvvəl hərəkətə keçmək, İvanişvilini hakimiyyətdən uzaqlaşdırmaq və təşəbbüsü ələ almaqdır. Əks halda, Rusiya Gürcüstanı tamamilə əzəcək və ölkəni viran qoyacaq”.