BAKI, 19 iyun. TELEQRAF

Sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə ərizə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə blokdan yerli mediaya bildirilib.

Robert Köçəryan və bloku Ermənistan hakimiyyətini seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edir.

Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku, Qaqik Sarukyanın sədri olduğu “Çiçəklənən Ermənistan” Partiyası və “Birlik Qanadları” Partiyası da eyni iddia ilə Konstitusiya Məhkəməsinə ərizə ünvanlayıb.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,8 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,2 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,9 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,9 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.