BAKI, 15 may. TELEQRAF

“Ukrayna tərəfinin Tbilisinin gözləntilərini düzgün anlaması vacibdir və Gürcüstana münasibət ədalətli olmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

O, ukraynalı həmkarı Andrey Sibiqa ilə son görüşünə toxunaraq qeyd edib ki, Kiyevin addımları müsbətdir, amma həlledici məqam Gürcüstana münasibətin necə olacağıdır:

“Ukraynalı həmkarımla görüşün təşəbbüskarı mən olmuşam. Amma Kiyevin də son illərdə Ukrayna rəsmilərinin addımları ilə bağlı cəmiyyətdə mövcud olan əhval-ruhiyyə və münasibətlər barədə düzgün təsəvvürünün olması vacibdir. Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Bununla belə, Gürcüstan və hakimiyyətinə münasibətin, eləcə də ölkənin təhlükəsizlik məsələlərinə yanaşmanın nəyə xidmət etdiyi barədə suallarımız var. Bu isə cəmiyyətimizdə tamamilə haqlı münasibət formalaşdırıb.

Bütün bunlar müzakirə və mövqelərin ifadə olunmasını tələb edir. Buna görə də Ukrayna tərəfinin gözləntilərimizi düzgün anlaması vacibdir. Gürcüstana münasibət ədalətli olmalıdır.

Gürcüstanın Ukraynaya siyasi və humanitar dəstəyi bu illər ərzində ardıcıl olub. Biz heç vaxt Ukrayna tərəfinin narazılığına və ya tənqidinə səbəb olacaq addım atmamışıq. Halbuki Ukrayna tərəfindən belə tənqidləri çox eşitmişik. Buna görə də bütün bunların lazımi şəkildə müzakirə olunması vacibdir”.

Maka Boçorişvili əlavə edib ki, iki ölkə arasında təmaslar və dialoq davam edəcək.