BAKI, 29 aprel. TELEQRAF

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ağveranı tərk edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

***

16:05

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Ağverandakı “Apricot Hotels & Resort”dadır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, polis otelə aparan yolları bağlayıb və jurnalistlərin bura yaxınlaşmasına icazə verilmir, ərazidə təhlükəsizlik gücləndirilib.

Yerli KİV Şahin Mustafayevin erməni iş adamları ilə görüşü barədə də məlumat verib.

***

13:47

Bu gün Ermənistana səfər edən Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Ağverandadır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, Ağveran Kotayk rayonunun Arzakan kəndinin ərazisində yerləşən dağ kurortu və sanatoriyasıdır. İrəvandan 30 km şimalda, Dalar çayının sağ sahilində yerləşir.

***

12:36

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvanda səfərdə olması barədə məlumatı təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə qurumdan yerli mediaya bildirilib.

“Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir. Mətbuata əlavə açıqlama veriləcək”, - XİN qeyd edib.

***

10:57

Bu səhər “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə İrəvanın “Zvartnots” beynəlxalq hava limanına eniş edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Uçuş 54 dəqiqə davam edib.

Ermənistan Mülki Aviasiya Komitəsi də Azərbaycandan rəsmi nümayəndə heyətinin İrəvana gəldiyini təsdiqləyib.

Nümayəndə heyətinə baş nazirin müavini, Azərbaycan və Ermənistan arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi bildirilir.