BAKI, 15 aprel. TELEQRAF
Rusiyalı oliqarx, müxalif “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan parlament seçkilərində iştirakla əlaqədar xarici ölkə vətəndaşlığından imtina etmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə o, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində bildirib.
Samvel Karapetyan məhkəmə iclasında şəxsiyyəti ilə bağlı sualları cavablandırarkən deyib:
“Mən Ermənistan Respublikasının vətəndaşıyam, həmçinin Rusiya və Kipr pasportlarım var. Qələbəyə əmin olduğumuz üçün Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başlamışıq”.
Oliqarx Ermənistan hökumətinin nümayəndələrinin onun savadsız olması ilə bağlı açıqlamalarına cavab olaraq iddia edib ki, ali təhsillidir, iqtisadiyyat üzrə doktorluq dərəcəsinə malikdir.
Xatırladaq ki, həbsdə olarkən “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətindədir. Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl var.
Karapetyan ötən il iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə həbs edilib.
Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.