BAKI, 11 aprel. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 1-də Moskvaya səfəri zamanı İrəvan rəsmilərinə istehzalı suallar ünvanlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, iki ölkənin nümayəndə heyətləri Kremldə Rusiya Prezidenti Vladimir Putin və Nikol Paşinyanı gözləyərkən, Lavrov Ermənistan rəsmilərinə sataşaraq istehzalı şəkildə soruşub: “Sizin Avropa İttifaqı (Aİ) hibrid qruplarınız gəldimi, kimə qarşı mübarizə aparacaqlar?”
Bu replikanın bir hissəsi Rusiya KİV-lərinin reportajlarında da yer alsa da, Ermənistan tərəfinin reaksiyası daxil edilməyib.
“Mənbələrimizin məlumatına görə, Lavrova yerindəcə cavab verən xarici işlər naziri Ararat Mirzoyan olub. O, bu mövzudan xəbərsiz olduğunu, Lavrovun nə demək istədiyini anlamadığını bildirərək özünü müdafiə etməyə çalışıb. Halbuki məhz Mirzoyanın məktubuna cavab olaraq, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan etmişdi ki, Brüssel parlament seçkiləri ərəfəsində (Rusiyadan müdaxilələrin qarşısını almaq üçün - red.) Ermənistana sürətli hibrid reaksiya qrupu göndərəcək”, - qəzet qeyd edib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.