BAKI, 25 mart. TELEQRAF
“Ermənistan müxalifətinin təklif etdiyi siyasətin həyata keçirilməsi Azərbaycanla müharibəyə gətirib çıxaracaq, halbuki hazırda müharibə ehtimalı sıfırdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
Vitse-spiker jurnalistlərlə brifinqdə Ermənistan hakimiyyətinin iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi cəmiyyəti müharibə ilə hədələdiyi barədə tənqidlərə belə cavab verib:
“Gəlin əvvəlcə “hədə”nin nə demək olduğunu təhlil edək. Hədə o zaman olur ki, kimsə deyir: “Bunu etməsən, sənin üçün pis olacaq”. Biz isə deyirik: Ermənistan Respublikası müxalifətin təklif etdiyi siyasəti qəbul edərsə, bu, qaçılmaz olaraq müharibəyə gətirib çıxaracaq, burada heç bir hədə yoxdur”.
Rubinyanın sözlərinə görə, hazırda Ermənistan hakimiyyətinin yürütdüyü siyasət səbəbindən müharibə ehtimalı sıfıra bərabərdir: “Əgər müxalifət hakimiyyətə gəlsə və bəyan etdiyi siyasəti həyata keçirsə, bu, açıq şəkildə və yüz faiz müharibəyə səbəb olacaq”.
O xatırladıb ki, əvvəllər hakimiyyət müharibə risklərini açıq bəyan etmədiyinə görə tənqid edilirdi: “Həmin insanlar söyləyirdilər ki, niyə reallığı dilə gətirmirsiniz, indi isə qayıdırlar ki, niyə deyirsiniz”.
Onun fikrincə, qarşıdakı seçkilər təkcə siyasi qüvvələr arasında deyil, həm də təqdim olunan siyasətlər arasında seçim olacaq.
Rubinyanın fikrincə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası mövcud sülh siyasətinin qorunmasını müdafiə edir, müxalifət isə bu siyasətin yenidən nəzərdən keçirilməsini təklif edir:
“Əgər sülh müqaviləsi, Vaşinqton bəyannaməsi, TRIPP razılaşması və sərhədlərin delimitasiyası qaydalarının komponentləri yenidən nəzərdən keçirilsə, bu müharibəyə gətirib çıxaracaq”.