BAKI, 24 mart. TELEQRAF
“Ermənilərin Qarabağa, Robert Köçəryanın isə Ermənistanda hakimiyyətə qayıdışı mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokrat” partiyasının sədr müavini Levon Şirinyan deyib.
“Belə bəyanat verənlər xalqı qıcıqlandırmağa və manipulyasiya etməyə çalışırlar. Əgər gedə bilirlərsə, onda belə fikir səsləndirənlərin özləri Qarabağa getsinlər”, - o qeyd edib.
Şirinyan bu kimi təxribatçı çağırışlar edən Ermənistanın keçmiş hakimiyyət nümayəndələrini “oğru və talançı” adlandırıb.
Siyasətçinin sözlərinə görə, erməniləri Qarabağa qayıtmağa “təşviq” edən bu talançılar Ermənistanda özlərinə sərvət toplayırlar: “Bu oğrular və talançılar bir araya gəlib özlərini “elita” adlandırırlar. Onların İrəvan şəhərində neçə evlərinin olduğunu özünüz hesablayın”.
Qarşıdakı seçkilərdə keçmiş rejimlərin yenidən ölkə rəhbərliyinə qayıtması halında nə baş verəcəyinə gəlincə, Şirinyan qeyd edib:
“Ermənistanda yazıq xalq yenə də “Qarabağ klanı” ilə təkbətək qalacaq, onda da təsəvvür edin, nə olacaq”.
Şirinyanın sözlərinə görə, Robert Köçəryanı özünə vahid namizəd seçən radikal müxalifətin hakimiyyətə qayıtmaq şansı yoxdur:
“Onların namizədi Köçəryandır, Samvel Karapetyan da guya “fokus” göstərmək istəyir. Samvelə elə çox lazım idi, bura gəlib Təhlükəsizlik Xidmətinin zirzəmisində yaşasın, Kremldən göndəriblər, o da gəlib. Nə istəmələrindən asılı olmayaraq, onlar əbədi olaraq keçmişdə qalacaqlar. Yalnız qarışıqlıq salmağı bacarırlar”.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.