BAKI, 17 mart. TELEQRAF
Avropa İttifaqının (Aİ) çevik reaksiya qrupu aprelin əvvəlində Ermənistana gələcək.
Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun” rəsmi sənədlərə istinadla məlumat yayıb.
Qrupun tərkibi 9-14 nəfərdən ibarət olacaq. Missiyanın Ermənistanda 10-15 gün keçirəcəyi bildirilib. Qrup Ermənistan Baş naziri Administrasiyası və Təhlükəsizlik Şurasına kiberhücumlar və xarici informasiya manipulyasiyaları hallarında böhranların idarə olunması üçün plan və qaydalar hazırlamaqda kömək edəcək. Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da yardımdan faydalanacaqlar.
Avropa İttifaqı hesab edir ki, Ermənistan parlament seçkilərindən əvvəl demokratik təsisatlar və ictimai etimadın sarsıdılmasına yönəlmiş intensiv hibrid addımlarla üzləşib. Bu addımlara xarici informasiya manipulyasiyaları və müdaxiləsi, kibertəhdidlər və seçki proseslərinin qanunsuz maliyyələşdirilməsi daxildir.
Avropa Şurası tərəfindən təsdiqlənmiş sənəddə deyilir ki, bu təhdidlərin iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində daha da güclənməsi ehtimalı yüksəkdir.
Sənəddə Ermənistanın ötən ilin noyabr ayında Avropa İttifaqına müraciət etdiyi, Avropa İttifaqından müvafiq qrupunun yanvarda Ermənistana gəldiyi və bu səfərin ölkənin hibrid təhdidlərə qarşı həssaslığına dair illüstrativ məlumatlar verdiyi açıq şəkildə göstərilir. Sənəddə konkret nümunələr qeyd edilmir.
Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas bundan əvvəl Ermənistanın qarşıdan gələn seçkilərdə xarici müdaxiləyə qarşı mübarizə aparmaq üçün Brüsselə müraciət etdiyini açıqlayıb. Aİ bu məqsədlə 12 milyon avro ayırmağa hazır olduğunu bəyan edib. Pulun xarici informasiya manipulyasiyaları və müdaxiləsi ilə mübarizə və kibertəhlükəsizliyi gücləndirmək üçün istifadə edilməsi planlaşdırılır.