BAKI, 11 mart. TELEQRAF
“Artıq Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
“Artəq Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub, amma o gündəlik qayğıya ehtiyac duyur, əks halda, çox tez dağılacaq. Necə ki, hamımızın gözü qarşısında onilliklərlə sabit olan regionlar bir neçə gün ərzində müharibə burulğanına düşür”, - o bildirib.
Paşinyan Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana könüllü köçmüş ermənilərlə bağlı məsələyə də diqqət çəkib:
“Bu məsələdə strategiyamız aydındır: Qarabağdan olan bacı-qardaşlarımız Ermənistan vətəndaşlığını almalı və həmişəlik Ermənistanda məskunlaşmalıdırlar. Artıq onların məskunlaşdırılması proqramına başlamışıq və bu proqramdan 4886 ailə yararlanıb. Sülhün möhkəmləndirilməsinə yönəlmiş bu problemin həlli üçün beynəlxalq tərəfdaşlarımızın mümkün qədər böyük dəstəyinə ehtiyacımız var”.
Baş nazir Ermənistan müxalifətinin bərqərar olan sülh mükəmməl olmaması ilə bağlı iddialarına da toxunub:
“Bizi tənqid edirlər ki, Ermənistan və Azərbaycan arasında qurulmuş sülh mükəmməl deyil. Xahiş edirəm deyin, bəs harada sülh mükəmməldir? Harada mükəmməl sülh var və nə vaxt olub? Əksinə, sülhə qayğı göstərmək iradəsi onu mümkün qədər mükəmmələ yaxın edə bilər”.