BAKI, 3 mart. TELEQRAF

“Hərdən mənə elə gəlir ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın açıqlamalarını cəmi üç nəfər oxuyur, onlardan biri də mənəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan keçmiş prezidentin erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyana dəstək ifadə etdiyi son açıqlamasını şərh edərkən deyib.

“Ter-Petrosyan çox ağrılı və utancverici tənəzzül yaşayır. Heç kimə siyasi karyerasını oliqarxların ayaqları altına yuvarlanaraq başa vurmasını arzulamıram. Kədərli tərəfi budur, gülməli tərəfi isə odur ki, əslində Ter-Petrosyanın partiyasının baş nazirliyə namizədi (Levon Zurabyan - red.) o qədər faydasızdır ki, hətta onun lideri də baş nazirliyə namizəd ola bilməyən başqa bir şəxsi dəstəkləyir”, - Rubinyan əlavə edib.