BAKI, 24 fevral. TELEQRAF

“Robert Köçəryan və oliqarxlar bu il siyasət meydanı və parlamentdən qovulacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan parlament seçkiləri ərəfəsində müxalifət qüvvələrinin birləşməsi ehtimalından danışarkən deyib.

“Əgər Köçəryan və müxtəlif bloklara bölünmüş oliqarxlar xalqın səslərinin əksəriyyətini qazanıb hakimiyyətə gələ bilsələr, heç kim korrupsiya ittihamı ilə həbs olunmayacaq, çünki hakimiyyətdə olduqları illərdə olduğu kimi, o zaman da hüquq-mühafizə orqanlarının öz işlərini görməsinə imkan verməyəcəklər. Buna görə də bu ssenarinin həyata keçirilməsinin qarşısını necə ala bilərik? Xalq Köçəryan və oliqarxlara 0 səs verməlidir. Çünki Köçəryan və oliqarxların necə hökumət olduqlarını görmüşük. Fikrimcə, ölkəmizdə bir daha belə hökumət istəmirik”, - o bildirib.

Xalq səs verərsə, nə edəcəkləri soruşulduqda Ruben Rubinyan belə cavab verib:

“Səs versə, bu, xalqın seçimi olacaq. Amma düşünmürəm ki, xalq onlara səs verəcək. Əlbəttə, xalqın səsinə hörmətlə yanaşırıq, biz oliqarxiyaya, xüsusilə Robert Köçəryana hörmət etmirik. Seçkilərdə çoxluğa sahib olmağı hədəfləyirik. Robert Köçəryan və oliqarxlar bundan sonra siyasi meydan və parlamentdən qovulacaq”.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.