BAKI, 17 fevral. TELEQRAF

“İsrail istehsalı olan və Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində geniş tətbiq etdiyi “Harop” kamikadze dronunun analoqunun Ermənistana da ixrac edildiyi barədə iddia yayılıb”.

Teleqraf xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, Ermənistanın “Davaro” şirkətinin nümayiş etdirdiyi “Dragonfly-3” pilotsuz aparatının “Harop”a oxşarlığı diqqət çəkir:

“Məsələ budur ki, Hindistan Ermənistana müxtəlif növ hərbi texnika ixrac edir və bunların içərisində İsrail texnologiyası ilə hazırlanan dronlar da ola bilər. Hindistanla İsrail arasında hərbi əməkdaşlıq üst səviyyədədir və bu sahədə ortaq layihələri mövcuddur.

Azərbaycanla Hindistan İsraillə süni intellekt sahəsində də əməkdaşlığı genişləndirməyə çalışır. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 4-də İsrailə səfəri çərçivəsində süni intellekt sahəsində anlaşma memorandumu imzalayıb. İmzalanma mərasimində İsrail Baş naziri Benyamin Netanyahu da iştirak edib. Tədbirdə iki ölkə arasında hibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahələrdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bu arada, Dehlidə süni intellekt mövzusunda sammit öz işinə başlayıb. Müzakirələrdə İsraili müxtəlif şirkətlər təmsil edir. Hindistan bu sahədə İsraillə əməkdaşlığını gücləndirməyə üstünlük verir. İsraildə süni intellekt sahəsində çalışan 2300 şirkət mövcuddur. Bu şirkətlər gəlirlərini artırmaq üçün İsraillə tərəfaşlıq münasibətləri olan ölkələrlə ortaq layihələr həyata keçirirlər.

“Google” şirkətinin Hindistandakı 15 milyard dollarlıq yatırımı İsrail şirkətlərini bu bazara da diqqətini artırıb. Hindistanın informasiya texnologiyaları sahəsində 6 milyon mütəxəssisi var və onlar 180 min startap layihəsi üzərində çalışırlar. Hindistan hökuməti süni intellekt tədqiqatları, infrastrukturu və sektorlar üzrə tətbiqini artırmaq üçün 1,25 milyard dollar dəyərində beş illik plan qəbul edib. İsraildə də baş nazirin yanında xüsusi süni intellekt mərkəzi təsis edilib”.

Elxan Şahinoğlunun fikrincə, hazırda dövlətlər arasında rəqabət iqtisadiyyat və ordularının gücləri ilə yanaşı, süni intellekt sahəsində əldə etdikləri uğurlarla da ölçülür: “Bu baxımdan, Azərbaycanın süni intellekt sahəsində ABŞ və İsraillə imzaladığı müvafiq sazişlərin həyata keçirilməsinin əhəmiyyəti böyükdür”.

Qeyd edək ki, “The Defense News”un fevralın 12-də yaydığı məlumatda “Dragonfly 3” PUA-sı “yeni yerli istehsal” adlandırılıb və Ermənistanın “Davaro” şirkəti tərəfindən hazırlandığı bildirilib. Qeyd edilib ki, sözügedən PUA Azərbaycan ordusunun 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı geniş tətbiq etdiyi İsrail istehsalı “Harop” sisteminə çox oxşayır.

“Dragonfly 3” birdəfəlik hücum missiyaları üçün nəzərdə tutulmuş dron kimi təqdim edilib. Ekspertlər “Dragonfly 3”ün texnoloji mənşəyinə dair suallar qaldırıblar. “Globes”in yazdığına görə, İsrailin müdafiə sənayesinin yüksək vəzifəli rəsmisi müvafiq texnologiyanın Hindistan tərəfindən Ermənistana verilə biləcəyini söyləyib.

Hindistan İsrailin ən böyük müdafiə müştərilərindən biridir və bir sıra İsrail sistemlərinin lisenziyalı istehsalı üzrə razılaşmaları var. Son illərdə Dehli həm İsrail, həm də Ermənistanla hərbi əməkdaşlığı genişləndirib. Ermənistan Hindistandan “Pinaka” raket sistemi, “Akash” yer-hava raket sistemləri və ATAGS artilleriya sistemləri daxil olmaqla bir neçə müdafiə sistemi alıb, 2022-ci ildən etibarən müqavilələrin ümumi dəyəri 1 milyard dollardan çoxdur.