BAKI, 17 fevral. TELEQRAF

Ermənistan parlamentinin növbəti sədri İrəvanın ABŞ-dəki keçmiş səfiri Lilit Makunts ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşrin yazdığına görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının namizədlərlə bağlı üç gün davam edən daxili seçkilərindən sonra qadınların siyahısında 5-ci nəticəni göstərən Lilit Makunts yaxın çevrəsində səmimi şəkildə etiraf edib ki, Baş nazir Nikol Paşinyan onu növbəti çağırış parlamentin sədri vəzifəsində görür:

“Makunts hakimiyyət dəyişikliyindən əvvəl Paşinyanın ingilis dili müəllimi olub, iqtidara gəldikdən sonra isə “Mənim Addımım” fraksiyasının katibi vəzifəsini tutub. O, yumşaq xarakteri və hər kəslə dil tapmaq bacarığı ilə seçilir.

Yeri gəlmişkən, digər iddiaçılar Hayk Koncoryan və Ruben Rubinyan təkcə Makuntsdan yox, həm də hazırkı spiker Alen Simonyandan da çox səs toplayıblar. Bununla belə, yekun seçki siyahısı ikinci mərhələdə məlum olacaq. Burada ilk 50 namizəd yenidən səsverməyə çıxarılacaq və yerlərin ardıcıllığı müəyyənləşəcək”.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.