BAKI, 5 fevral. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın Rusiyaya qarşı olduğu barədə təsəvvürün formalaşdırılmasına qarşı çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə həmsöhbətinin fikirlərinə cavab olaraq bildirib.

“Rusiyada elə bir anlayışın yaranmasını istəmirəm ki, guya Ermənistan Rusiyaya - dost və müttəfiq dövlətə qarşı nəsə etməyə çalışır. Müzakirə edilməli məsələlər olsa da, bunu anlayıram və siz həmkarınız Ararat Samveloviç (Mirzoyan) ilə bunları müzakirə edirsiniz, dövlətlərimizin liderləri də bu proseslə kifayət qədər uğurla məşğul olurlar”, - Simonyan deyib.

Spiker rusiyalı nazirə İrəvanda “ya bizimləsiniz, ya da bizə qarşı” kimi yanaşmanın olmadığını da vurğulayıb: “Belə bir yanaşma yoxdur və olmayacaq. Biz hesab edirik ki, bu, yanlışdır - həm Ermənistan üçün, həm də indiyədək əldə etdiklərimiz və mövcud olanlar baxımından”.

Rusiya xarici işlər naziri görüşdə Ermənistanın Avropa İttifaqına üzvlük səyləri ilə bağlı tənqidi fikirlər səsləndirib. Lavrovun fikrincə, Avropa İttifaqı Ermənistanı daim seçim qarşısında qoyur: ya Moskva ilə olmaq, ya da Brüssellə.