BAKI, 5 fevral. TELEQRAF
“Rusiya Ermənistanla münasibətlərin inkişafında maraqlıdır və İrəvanı tərəfdaş və müttəfiq kimi görür”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşdə deyib.
Nazir bildirib ki, Moskva Cənubi Qafqazda yaranmış çətin vəziyyətdən xəbərdardır.
Lavrovun fikrincə, Avropa İttifaqı Ermənistanı daim seçim qarşısında qoyur: ya Moskva ilə olmaq, ya da Brüssellə. O, həmçinin ümid etdiyini bildirib ki, İrəvan Aİ-nin siyasətinin motivlərini anlayır.
“Guya şimalda Ermənistana qarşı hazırlanmış hansısa mifoloji hücumlar, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) qaynaqlanan mövcud təhlükə barədə vaxtaşırı səslənən bəyanatları eşitmək bizim üçün bir qədər qəribədir”, - Lavrov qeyd edib.
O vurğulayıb ki, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır.