BAKI, 29 yanvar. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə kilsə ilə dövlət arasında qarşıdurmanın olmadığını bir daha bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə danışıb.
Baş nazir bildirib ki, mövcud vəziyyət kilsə–dövlət qarşıdurması kimi təqdim edilə bilməz:
"Burada söhbət kilsə hakimiyyətini qəsb etmiş bir şəxsdən gedir. O, heç bir halda həmin vəzifəni tutmaq hüququna malik deyil. Biz onu layiq olmadığı yerdən uzaqlaşdırmaq üçün qanuni və icazə verilən bütün vasitələrdən istifadə edəcəyik".
O xatırladıb ki, 2025-ci il iyunun 10-da yeni katolikos seçkilərinin təşkili məqsədilə konkret addımlar atacaq Koordinasiya Şurasının yaradılmasını təklif edib.
Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregin və bir qrup yüksək rütbəli ruhanini subaylıq andını pozmaqda ittiham edib. Baş nazir bəyan edib ki, əgər II Qareginin subaylıq andını pozduğu və övlad sahibi olduğu təsdiqlənərsə, o, bütün ermənilərin katolikosu ola bilməz.
Ruhanilər isə öz növbəsində Ermənistan hökumət başçısını Erməni Apostol Kilsəsinə qarşı kampaniya aparmaqda ittiham edirlər.