BAKI, 22 yanvar. TELEQRAF
Ermənistanın cənubundan (Mehri) keçən 43 kilometrlik zolaq Cənubi Qafqazın geosiyasətini köklü şəkildə dəyişməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Atlantic Council”in TRIPP və ya “Tramp Marşrutu” ilə bağlı təhlilində deyilir.
Analizdə bildirilir ki, ABŞ-nin vasitəçiliyi ilə reallaşdırılan dəhliz Avropa ilə Asiya arasında mühüm nəqliyyat bağlantısına çevrilməyi vəd edir:
“Azərbaycan 2020-ci ildən imzalanan razılaşmasının mühüm bəndini - Naxçıvana maneəsiz nəqliyyat çıxışını reallaşdırmaq istəyirdi. Ermənistan da öz ərazisindən keçəcək marşrut boyunca nəzarətini qorumağa çalışırdı. Bu mərhələdə ABŞ Prezidenti Donald Tramp və komandası yaradıcı həll yolu təklif etdi: Vaşinqtonun rəhbərliyi ilə yaradılacaq konsorsium Ermənistan hakimiyyəti ilə birgə marşrutu tikəcək və idarə edəcək və bu, Azərbaycanın eksklavı Naxçıvana çıxışını təmin edəcək. Keçən ilin avqustunda Ağ Evdə keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Donald Tramp TRIPP-in həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında hərtərəfli sülh sazişinə nail olunması barədə razılığa gəldi. Bu, mühüm nailiyyət idi, çünki Ermənistan və Azərbaycan otuz ildən artıq müddətdə bir neçə müharibə aparmış, on minlərlə insan həlak olmuşdu”.
Təhlildə qeyd olunur ki, TRIPP ABŞ ilə yanaşı, Cənubi Qafqaz və Xəzər regionu üçün əlavə faydalar yarada bilər:
“ABŞ hökuməti səssiz şəkildə Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Gürcüstandakı infrastruktur vasitəsilə Türkiyə və Avropa ilə birləşdirən çoxmodal ticarət marşrutu olan Orta Dəhlizi dəstəkləyir. Vaşinqton və Avropadakı tərəfdaşları Orta Dəhlizi Asiya ilə quru ticarətinin Rusiyanı yan keçməsi üçün yol, eləcə də Mərkəzi Asiyadan kritik minerallar və nadir torpaq elementlərinin ixracı üçün imkan kimi görürlər. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri isə qlobal bazarlara daha yaxşı inteqrasiya yolu ilə rifah əldə etməyə çalışırlar. TRIPP Qafqazdan keçən əlavə marşrut təqdim edərək, Azərbaycan və Qazaxıstan ticarət tələbatını qarşılamaq üçün liman imkanlarını genişləndirdiyi vaxtda daşımaların həcmini artırır.
TRIPP-in uğurla həyata keçirilməsi Mərkəzi Asiyadan Avropa və daha uzaq bazarlara məhsullar və kritik xammalın daha ucuz və sürətli daşınmasını mümkün edə bilər”.