BAKI, 20 yanvar. TELEQRAF
“Donald Tramp dövründə ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı regional siyasəti strateji iqtisadi maraqlara əsaslanır. Bu siyasət təkcə regional sülhə deyil, həm də Mərkəzi Asiyanın mineral və karbohidrogenlərinin Rusiya və Çindən yan keçərək Avropa və qlobal bazarlara ixracına yönəlib. Bu kontekstdə “Tramp Marşrutu” və ya TRIPP mərkəzi rol oynayır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Uğrunda” partiyasının sədri Arman Babacanyan deyib.
O bildirib ki, TRIPP Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin bir hissəsidir. TRIPP dəmir və avtomobil yolları, neft və qaz boru kəmərləri, fiber-optik xətlər də daxil olmaqla, bir çox mühüm layihələri ehtiva edir.
2023-cü ildə ABŞ dövlət katibinin o vaxtı müşaviri Robert Obrayen bu barədə belə demişdi: “Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir, amma onların qlobal bazarlara yeganə çıxış yolu Rusiya və Çindir. Ermənistan və Azərbaycandan keçən Zəngəzur dəhliz bu asılılığı azaldacaq”.
Babacanyan hesab edir ki, Donald Trampın hazırkı siyasəti də buna əsaslanır. O, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralda İrəvana gözlənilən səfərinin bu baxımdan xüsusi əhəmiyyətə malik hadisə olacağını iddia edib.