BAKI, 19 yanvar. TELEQRAF
“Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın dəyişdirilib-dəyişdirilməməsi Brüssel və üzv ölkələrin səlahiyyətindədir”.
Teleqraf xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının deputatı Levan Maxaşvili deyib.
Onun sözlərinə görə, hazırda Aİ son dərəcə ağır geosiyasi proseslərin içindədir, ciddi beynəlxalq hadisələrlə üz-üzədir:
“Bu proseslərin episentrində Avropa İttifaqı dayanır, məhz indi ona peşəkar, səriştəli, təcrübəli və qüsursuz diplomatik bacarıqlara malik insan lazımdır. Təəssüf doğuran məqam odur ki, məhz bu kritik anda Avropa İttifaqının xarici siyasət xidmətinə Kaya Kallas rəhbərlik edir. Əlbəttə, onu dəyişib-dəyişməmək, uyğun sayıb-saymamaq Avropa İttifaqı və üzv ölkələrinin qərarıdır. Amma Gürcüstanın baxış bucağından Kaya Kallasın Gürcüstana qarşı nümayiş etdirdiyi səriştəsiz, qeyri-diplomatik və ədalətsiz münasibətin tarixçəsini nəzərə alaraq, biz bu mühüm açar vəzifədə daha səriştəli, təcrübəli və peşəkar bir şəxsi görmək istərdik”.
Avropa Parlamentinin vitse-prezidenti Xavyer Lopes bundan əvvəl Kaya Kallasın bu vəzifə üçün uyğun olmadığını bəyan etmişdi.