BAKI, 14 yanvar. TELEQRAF
“İran ABŞ-nin TRIPP-dən (“Tramp Marşrutu”) öz siyasətinin bir hissəsi kimi istifadə edə biləcəyindən narahatdır”.
Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami mətbuat konfransında deyib.
“Ermənistan və ABŞ arasında razılaşmalara gəlincə, mövqeyimiz aydındır: erməni tərəfdaşlarımıza etimad edirik, amma bu halda İran əleyhinə addımlar atan ABŞ ilə üz-üzə qalırıq. ABŞ-yə etimad etmirik. Ondan narahatıq ki, ABŞ bu layihədən (TRIPP) öz təhlükəsizlik siyasəti çərçivəsində istifadə edə bilər. Bu barədə erməni tərəfdaşlarımıza məlumat vermişik. Onlar isə təminat veriblər ki, Ermənistan heç vaxt İran üçün təhdid mənbəyinə çevrilməyəcək. Layihənin miqyasını anlamaq üçün müzakirələrimizin müntəzəm olaraq davam etdirilməsinə razılaşmışıq.
Ümid edirik ki, İranın narahatlıqları nəzərə alınacaq və aradan qaldırılacaq. Bu məsələni diqqət mərkəzində saxlamağa davam edəcəyik”, - Şirqulami vurğulayıb.