BAKI, 14 yanvar. TELEQRAF
Türkiyə və Rusiya "Tramp Marşrutu" layihəsində iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşünü şərh edərkən bildirib.
A. Mirzoyan deyib ki, "Tramp Marşrutu" layihəsi Ermənistan və ABŞ arasında birgə biznes layihəsidir: "Layihənin daha geniş regional kontekstdə tam reallaşması yalnız Ermənistan-Azərbaycan sərhədinin açılması və dəmir yolunun bərpası ilə mümkün olmayacaq".
Nazir vurğulayıb ki, Türkiyə ilə də bu istiqamətdə artıq konstruktiv dialoq aparılır, yaxın gələcəkdə konkret addımların atılması gözlənilir:
"Türkiyə TRIPP layihəsinə birbaşa daxil edilməyəcək. Bütün anlayışımız belədir ki, yük və insanlar Asiyadan Azərbaycana, oradan isə Ermənistan ərazisinə, Naxçıvan və Yerasxa daşına bilər. Əgər Gümrü-Qars dəmir yolu işə düşməsə, yüklər Türkiyə vasitəsilə Avropa və ya əks istiqamətə keçə bilməyəcək".
XİN rəhbəri əlavə edib ki, Rusiya TRIPP layihəsinin birbaşa iştirakçısı olmayacaq, lakin bu, Moskvanı tam kənarda saxlamaq məqsədi daşımır:
"Rusiya Ermənistanda müxtəlif infrastruktur layihələrində, o cümlədən dəmir yollarında iştirak edir. Birbaşa TRIPP-də yox, amma layihə ilə əlaqəli digər fəaliyyət və əməkdaşlıq imkanları Rusiyaya da açıla bilər".