BAKI, 14 yanvar. TELEQRAF

Ermənistan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin icrası çərçivəsində milli təhlükəsizlik və hüquq-mühafizə sahələrinə tam nəzarəti özündə saxlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş TRIPP layihəsi üzrə birgə bəyanatında deyilir.

Sənəddə qeyd edilib ki, Ermənistan TRIPP layihəsinin respublikanın suveren ərazisini əhatə edən bütün hissələri üzrə tam suverenliyə, ərazi bütövlüyünə əsaslanan qanunverici, tənzimləyici və məhkəmə yurisdiksiyasını qoruyub saxlayır.

Ermənistan TRIPP üzrə həyata keçirilən ticarət və tranzit əməliyyatlarında gömrük və sərhəd nəzarətini, eləcə də milli təhlükəsizlik və hüquq-mühafizə sahəsində bütün səlahiyyətlərini saxlayacaq.

Bununla yanaşı, tranzit marşrutu boyunca vergilərin, gömrük rüsumlarının və digər məcburi ödənişlərin yığılması üzərində yurisdiksiya, habelə respublikanın suveren ərazisində yerləşən bütün sahələrə çıxış və həmin ərazilərdə Ermənistan qanunvericiliyinin tətbiqi hüququ ölkənin nəzarətində qalacaq.