BAKI, 22 dekabr. TELEQRAF
“Kreml Rusiyada azərbaycanlıların formalaşdırdıqları diaspor təşkilatlarını nəzarətə götürür, özünə loyal şəxsləri diaspor rəhbərliyinə təyin edi”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezideni İlham Əliyevlə görüşdə ötən ilin dekabr ayında təyyarə qəzasında ölənlərin ailələri və yaralananlara kompensasiya ödəniləcəyini vəd etmişdi. Kreml sahibinin həmin görüşdəki cümləsi beləydi: “Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”.
Putin söylədiklərinin heç biri yerinə yetirmədi, nə kompensasiya ödənildi, nə də vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi. Bundan başqa, Qazaxıstan təyyarə qəzasıyla bağlı yaratdığı komissiyanın yekun hesabatını da açıqlamayıb. Halbuki bütün faktlar ilk gündən bəlliydi. Bunlar varkən, Kreml Rusiyada azərbaycanlıların formalaşdırdıqları diaspor təşkilatlarını nəzarətə götürməyə və özünə loyal şəxsləri diaspora rəhbərliyinə təyin etməyə başladı. Belə vəziyyətdə Prezident İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılması ehtimalı az idi”, - o bildirib.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.