BAKI, 12 dekabr. TELEQRAF
2025-ci ilin sonunadək ləğv edilmiş separatçı rejimin İrəvandakı ofisi bağlana bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Nəşr xatırladıb ki, Ermənistan İstintaq Komitəsi dünən separatçıların ofisində saatlarla davam edən axtarışlar aparıb. Axtarışlardan sonra separatçıların özləri də Nikol Paşinyan hökumətinin binanı müsadirə edərək, bağlayacağını istisna etmir.
“Bu, ilin sonu – gələn ilin əvvəlinə qədər olacaq, bunu yalnız onlar bilirlər”, - mənbə qeyd edib.
Nəşr yazıb ki, separatçı ünsürləri başqa xoşagəlməz sürprizlər gözləyir. Keçmiş qondarma rejimin liderlərinin həbsi də gözləntilər arasındadır. İlk hədəf isə ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyandır. Artıq o, terror işi ilə əlaqədar cinayət işinə cəlb olunub.
Samvel Şahramanyan arxiyepiskop Baqrat Qalstanyanın işi üzrə bir neçə dəfə Ermənistan İstintaq Komitəsində dindirilib.
Ermənistan İstintaq Komitəsi Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın liderləri və iştirakçılarına qarşı Cinayət Məcəlləsinin 43-308-ci (terror aktlarına hazırlıq) və 43-419-cu maddələri (hakimiyyəti qəsb etməyə hazırlaşma) üzrə cinayət işi açıb. B.Qalstanyan bu ittihamlar üzrə həbs edilib.