BAKI, 10 dekabr. TELEQRAF

“İvanişvili rejimi Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mane olur”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

“Məsələ burasındadır ki, Azərbaycan Ermənistan üçün neft məhsullarının mütəmadi tədarükü üçün tarixi qərar qəbul edib, bu, hazırda ancaq Gürcüstan dəmir yolu vasitəsilə mümkündür. Amma “İvanişvilinin buradakı qoçuları” elə bir tarif müəyyən etdilər ki, buna razılıq verməkdənsə, birbaşa imtina etmək daha yaxşı olardı. İvanişvili belə bir tarifin heç kimin ödəyə bilməyəcəyini bilməməsi mümkün deyil, buna görə də məqsəd Ermənistan-Azərbaycan yaxınlaşması və Trampın dəhliz siyasətinin bloklanmasıdır, başqa heç nə. Bilmirəm, bununla Trampın diqqətini çəkmək istəyirlər, ya sadəcə Moskvanın tapşırıqlarını yerinə yetirirlər?”, - o bildirib.

Mixeil Saakaşvili başqa bir məqama da diqqət çəkib:

“Bu arada Azərbaycan sərhədindən keçən bütün yük maşınlarını da Tbilisinin cərimə dayanacağına göndərirlər. Sərhəddə hər birindən keçid üçün 1000 dollara qədər pul tələb edirlər ki, bu da onlar üçün əlçatmaz məbləğdir. Bu fonda isə bizim jurnalistikanın xəbərləri yalnız məhkəmələr və hansı siyasətçinin nə deməsindən ibarətdir və xəbərlərdə gözümüzün önündə oynanılan çox ciddi geosiyasi dramı demək olar ki, heç kim görmür”.