BAKI, 10 dekabr. TELEQRAF

Ermənistan hökuməti Baş nazir Nikol Paşinyan və Almaniya Kansleri Fridrix Merts arasında dekabrın 9-da keçirilən görüşün yekunları üzrə imzalanmış “Ermənistan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlığın strateji gündəliyi”nə dair birgə bəyannamənin mətnini dərc edib.

Teleqraf xəbər verir ki, bəyannamədə Ermənistan-Azərbaycan sülh prosesinə də istinad olunub.

“Tərəflər “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişin paraflanmasını müsbət qiymətləndirir və Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması istiqamətində son hadisələri alqışlayırlar. Tərəflər razılaşırlar ki, bu münasibətlərin, eləcə də Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması Cənubi Qafqaz regionunun dinc və firavan olması üçün imkanlar yaradır”, - bəyannamədə bildirilib.