BAKI, 6 dekabr. TELEQRAF

Dohada keçirilən beynəlxalq forum çərçivəsində panel müzakirəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanla-nin ABŞ vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, “Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton razılaşması və ortaq gələcək” adlı paneldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.

H. Hacıyevin sözlərinə görə, bu razılaşma regionumuzda legitimlik, hüquqi əsaslar və beynəlxalq hüququn rəhbər prinsiplərini təmin edəcək.

“Ona görə də ədalətli sülh əsasında Cənubi Qafqaz regionunda yeni reallıqlar və yeni status-kvo qururuq”, - Azərbaycan rəsmisi bildirib.

Hacıyev vurğulayıb ki, son illərdə bir çox sülh razılaşmaları uğursuz olub, çünki sənəd imzalandıqdan sonra tərəflər “komfort zonası”na düşürlər. O əlavə edib ki, Ermənistan və Azərbaycan belə bir vəziyyətdən yayınmağa çalışır.

Prezidentin köməkçisinin fikrincə, hər iki tərəf anlayır ki, sülh çətin və mərhələli bir prosesdir və bunun üzərində çox ciddi çalışılmalıdır.

Hikmət Hacıyev həmçinin qeyd edib ki, hər iki tərəfin rəsmiləri müxtəlif kanallar vasitəsilə mütəmadi əlaqə saxlayır və ölkələr arasında əldə olunmuş razılaşmaların tam icrası üçün ciddi şəkildə işləyirlər.