BAKI, 5 dekabr. TELEQRAF

Ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsində terror işi üzrə dindirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr xatırladıb ki, S. Şahramanyan dekabrın 3-də həbs edilmiş arxiyepiskop Baqrat Qalstanyanın işi üzrə İstintaq Komitəsi tərəfindən dindirilməyə çağırılıb:

“Baş verən dindirilmə ilə bağlı hüquq-mühafizə orqanlarından “Joqovurd”a məlumat daxil olub. Şahramanyana verilən suallardan biri 2024-cü il iyunun 21-də Qalstanyanın öz avtomobilini ona bağışlaması ilə bağlı olub.

Məlum olduğu kimi, Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Şahramanyanın avtomobilini müsadirə etmişdilər. Bundan sonra Qalstanyan öz avtomobilini Şahramanyana hədiyyə verib. Bu, Qalstanyanla Şahramanyan arasında əlaqənin olduğunu üzə çıxarıb, sonuncu da bu səbəbdən terror işi üzrə dindirilib”.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın liderləri və iştirakçılarına qarşı Cinayət Məcəlləsinin 43-308-ci (terror aktlarına hazırlıq) və 43-419-cu maddələri (hakimiyyəti qəsb etməyə hazırlaşma) üzrə cinayət işi açıb. B.Qalstanyan bu ittihamlar üzrə həbs edilib.