BAKI, 3 dekabr. TELEQRAF

1998-ci ildən başlayaraq Azərbaycan həmişə hərbi baxımdan Ermənistandan üstün olub.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan 44 günlük müharibənin səbəblərindən danışarkən deyib.

“1998-ci ildə Ermənistan və Azərbaycanın hərbi büdcələrinin nisbəti 1-1,1 idi, yəni demək olar ki, tam bərabər, 2008-ci ildə isə, Robert Köçəryan prezidentlik müddətini bitirərkən, nisbət 1-5,3 olmuşdu, yəni Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən 5,3 dəfə çox idi. Serj Sərkisyan dövründə fərq daha da artmışdı”, - o bildirib.

Rubinyan Sərkisyanın hakimiyyəti dövründə Qarabağa dair danışıqların dalana dirəndiyini də söyləyib:

“Danışıqlar prosesinin çıxılmaz vəziyyətdə olduğunu sübut etmək üçün o zaman danışıqlar sənədlərini yayımlamağa ehtiyac yox idi. Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir seçildikdən sonra bəyan etmişdi ki, danışıqlar prosesi dayandırılıb, ümid yoxdur”.

Həmçinin, vitse-spiker Qarabağın həmişə Azərbaycan ərazi olaraq tanındığını qeyd edib: “Danışıqlara dair bütün sənədlərdə aydın şəkildə Qarabağla əlaqədar nə olacağı aydın şəkildə deyilirdi. Aydın deyilsə, mən deyim: o vaxt hamı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdı”.

Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də münaqişə dövründə Qarabağla bağlı aparılan danışıqlara dair 13 sənəd yayımlayıb.

Sənədlər bunları əhatə edir: ATƏT-in Minsk qrupunun tövsiyələri (2019), Ermənistan Baş nazirliyinə namizəd Serj Sərkisyanın parlamentdə bəyanatları, Krakov sənədləri, Serj Sərkisyanın Vladimir Putinə məktubu, ATƏT-in Minsk qrupunun 2016-cı il üçün təklifləri, Rusiyanın təklif etdiyi paket, Kazan sənədləri, Madrid Prinsipləri, Mehri və Qarabağın mübadiləsi variantı, ATƏT-in Minsk qrupunun əhatəli tövsiyələri, ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon Sammitində bəyanatı, Budapeşt Zirvə Bəyannaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri.