BAKI, 1 dekabr. TELEQRAF
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası ləğvolunma prosesindədir. Konstitusiya Məhkəməsinin qərarına qədər Milli Hərəkatın özünü buraxması da mümkündür, gedişat buna doğru gedir.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın “Xalq Hakimiyyəti” partiyasının icraçı katibi Quram Maçaraşvili bildirib.
“Bu siyasi partiya artıq açıq şəkildə ittiham olunur ki, həm hakimiyyət, həm də müxalifətdə olduğu dövrdə öz dövlətinə qarşı zərərli fəaliyyət göstərib. Bu barədə çoxlu açıq sübutlar mövcuddur, bunu təkcə İstintaq Komissiyasının nəticələri göstərmir, əminəm ki, sonradan məhkəmə qərarı da olacfaq. Milli Hərəkat siyasi bataqlıqdadır. Bataqlığın prinsipi məlumdur: nə qədər çox hərəkət etsən, bir o qədər tez batırsan. Hazırda Milli Hərəkatda məhz bu proses gedir. Nə qədər fəallaşsalar, bir siyasi partiya kimi bir o qədər tez sona çatacaqlar”, - o bildirib.
Xatırladaq ki, bundan öncə hakim “Gürcü Arzusu” Partiyası, “Xalq Hakimiyyəti” və “Avropa Sosialistləri” Partiyası Milli Hərəkatın ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti qeydə alıb.