BAKI, 21 noyabr. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında yekun sülhün təmin olunmasında iki ölkə və xalqlar arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması çox vacibdir. Bu, zamanın tələbidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaqan Xaçaturyan deyib.

Prezident bildirib ki ki, Ermənistan və Azərbaycan sülh prosesini geridönməz fakta çevirməlidir:

“Sülh onda olacaq ki, iki ölkə və xalqlar arasında qarşılıqlı etimad bərpa olunsun. Bu, zaman məsələsidir. Biz, siyasi rəhbərlər olaraq siyasi proseslər və hüquqi çərçivələri təmin etməliyik ki, belə bir vəziyyət yaransın”.

Xaçaturyanın sözlərinə görə, ikitərəfli hüquqi proses artıq formalaşıb, hər iki ölkə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıb:

“Bu prosesin yekun mərhələsi isə o vaxt olacaq ki, hər iki ölkənin vətəndaşları və xalqları mövcud çətinlikləri aradan qaldıracaq. Heç kim deyə bilməz ki, bu, nə vaxt baş verəcək. Əlbəttə, istərdim ki, bu çox tez olsun, bunun üçün iki ölkənin hakimiyyətləri əlverişli şərait yaratmalı, mümkün qədər çox qarşılıqlı əlaqə təmin etməli və bir ölkədə müəyyən narazı şəxslərin olacağından çəkinməməlidir. Əminəm ki, bunun reallaşması üçün böyük imkan var”.