BAKI, 13 noyabr. TELEQRAF
“Bidzina İvanişvili hər səhər günə eyni obsesiv fikirlə başlayır: “Bu gün kimə nə edim?”. Bu dəfə həmin fikirlə məni yenidən tibb müəssisəsindən həbsxanaya qaytardı”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
“Dünən xəbərdarlıq edilmədən məni Rustavi həbsxanasına apardılar; orada məni 2022-ci ilin martında zəhərləyən həmin insanlar qarşıladılar. O zaman möcüzəvi şəkildə ölümdən qurtulmuşdum, həmin zəhərlənmənin simptomları bu günə qədər qalır. Belə uzunmüddətli məhbusluq və bədbəxtlik fonunda özüm üçün mərhəmət gözləmirəm.
Bəs, məni yenidən niyə məhz həmin işgəncə verənlərin yanına niyə qaytardılar? Birincisi, onlar mənim çoxsaylı tərəfdarlarımı qorxutmaq istəyirlər; ikincisi, bu, Qərb və Ukraynaya - Zelenskiyə, hələ də (Kiyevdə) Məsləhət Şurasının sədri olduğum yerlərə konkret mesaj verirlər”, - o bildirib.
Saakaşvili İvanişvili ilə bağlı bir məqama da diqqət çəkib:
“İvanişvili vaxtilə mənim həyatıma zəmanət vermişdi və indi bu addımla avropalılar və amerikalılara söyləyir ki, bu vəd (digər bütün vədlər kimi) artıq qüvvədə deyil. Əminəm ki, bütün bunlar Moskva ilə razılaşdırılıb.
Məsələ ondadır ki, dünya üçün mən postsovet məkanında ən uğurlu islahatlar və Gürcüstanın azadlığı və dövlətçiliyinin simvoluyam. Onlar Gürcüstanın azadlığını və müstəqilliyini, məni məhv edirlər.
Bu gün insanlara demək istəyirəm, bütün bu müddət ərzində dediyim şeyi təkrarlayıram: heç bir halda təslim olmayın və mübarizə aparın, çünki bizim qələbəmiz qaçılmazdır”.