BAKI, 7 oktyabr. TELEQRAF

“Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas və ittifaqın komissarı Marta Kosun bəyanatı ilə bağlı səfir Pavel Qerçinskinin şərhi Gürcüstana münasibətin göstəricisidir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.

“Kos və Kallasın bəyanatlarının arxasında müəyyən siyasi məqsəd dayanır ki, bu da illərdir dəyişməyib — Gürcüstanda inqilabın baş verməsi və marionet komandanın hakimiyyətə gəlməsi. Bu isə daha geniş, Gürcüstanın sərhədlərini aşan ssenarinin bir hissəsidir”, - parlament sədrinin müavini bildirib.

Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Qerçinski bundan əvvəl Kaya Kallas və Marta Kosun bəyanatları ilə bağlı jurnalistlərin sualına belə cavab verib: “Xahiş edirəm, Kaya Kallasın və Kosun rəsmi bəyanatına baxın. Başqa şərhim yoxdur”.

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas və ittifaqın genişlənmə üzrə komissarı Marta Kos oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı birgə bəyanat yayıb. Bəyanata görə, Gürcüstanda seçkilər müxalifətin geniş şəkildə sıxışdırıldığı bir mühitdə keçirilib: “Bütün siyasi aktorlar və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə konstruktiv və əhatəli dialoq zəruridir və bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”.