TBİLİSİ, 29 sentyabr. TELEQRAF
“Gürcüstanda növbədənkənar parlament seçkiləri nəzərdə tutulmur. Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisi meri postuna namizəd Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
O, parlament seçkilərinin 2028-ci ilə qədər keçirilməyəcəyini bildirib.
“Heç bir növbədənkənar seçki olmayacaq. Adi cəfəngiyyatdır, yayırlar. Parlament seçkiləri vaxtı gələndə keçiriləcək. 2028-ci ili gözləyin, parlament seçkiləri olacaq”, - K.Kaladze əlavə edib.
Qeyd edək ki, Gürcüstanda son parlament seçkiləri 2024-cü ilin oktyabrında baş tutub.