TBİLİSİ, 25 sentyabr. TELEQRAF

“Yaxşı olardı, Zelenski ilk növbədə öz ölkəsini düşünsün, onun qayğısına qalsın”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT-də çıxışında Gürcüstanla bağlı söylədiklərini jurnalistlərə şərh edərkən deyib.

O, düşməninə belə Zelenskinin vəziyyətinə düşməsini arzulmadığını bildirib:

“Ukrayna xalqı prezident və hökumətinin qayğısına qalacaq. Biz, gürcü xalqı ölkəmizin qayğısına birtəhər qalarıq”.

Gürcüstan parlamentində çoxluğun lideri İrakli Kirtsxaliya da V.Zelenskinin çıxışına münasibət bildirib. O deyib ki, utancverici bir marionet BMT-nin ən yüksək tribunasından təhqiramiz bəyanatlar səsləndirib:

“O, bir daha Gürcüstan haqqında insan haqları nöqteyi-nəzərindən neqativ fikirlər söyləməyə cəsarət edib. Qoy bu marionet öncə Avropa Komissiyasının rəyinə baxıb görsün ki, Gürcüstan insan haqları, mətbuat azadlığı, korrupsiya və digər istiqamətlər üzrə hansı yerdədir və yalnız sonra danışsın”.

Çoxluğun üzvü Maya Bitadze də V.Zelenskinin çıxışını şərh edib. O, Ukrayna liderinin Gürcüstanla bağlı səsləndirdiyi bəyanatları rüsvayçı adlandırıb:

“O, yəqin ki, Ukrayna ərazilərini itirmiş ən ağılsız prezident kimi tarixə düşəcək. Belə bir prezident bütün göstəricilər üzrə Ukraynanı qabaqlayan Gürcüstan haqqında danışır. Mən ona məsləhət görərdim ki, Ukraynanın genofondunun qorunub saxlanmasına diqqət yetirsin və öz millətini sona qədər qurban verməsin”.

“Gürcü Arzusu”nun deputatı Giorgi Çakvetadze də Ukraynanın dövlət başçısının Gürcüstanı tənqid etməsinə sərt reaksiya verib. Onun sözlərinə görə, müharibə şəraitində olan ölkənin rəhbəri BMT kimi ali tribunanı dezinformasiyanın yayılması üçün istifadə edir:

“Biz bu insanlardan, xüsusən də Zelenski və onun əhatəsində olanlardan bu cür bəyanatları dəfələrlə eşitmişik. Lakin Gürcüstan cəmiyyəti bu bəyanatların məzmununu çox yaxşı anlayır”.

Qeyd edək ki, V.Zelenski ötən gün BMT-nin Baş Assambleyasında çıxışı zamanı deyib ki, Gürcüstanda insan haqları və dövlət quruluşunun Avropa xarakteri yalnız tənəzzül edir. O, Gürcüstanın Rusiyadan asılı olduğunu vurğulayıb.