BAKI, 1 sentyabr. TELEQRAF
“Avropa İttifaqı (Aİ) öz mandatı əsasında Ermənistanda müşahidə missiyasını davam etdirəcək və hazırda hər hansı dəyişikliyə ehtiyac yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasından sonra üçüncü qüvvələrin sərhəddə qalıb-qalmaması ilə bağlı suala cavabında deyib.
“Ermənistan xalqı və hakimiyyət orqanları Aİ-nin Ermənistandakı missiyasını alqışlayır. O, fəaliyyətini davam etdirir. Hər hansı dəyişikliyə ehtiyac olarsa, bunu üzv dövlətlər və Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Amma bu məqamda mən Ermənistan ictimaiyyətini əmin etmək istəyirəm ki, Aİ missiyası öz mandatı əsasında fəaliyyətini davam etdirəcək”, - səfir bildirib.
Vaşinqtonda sazişin paraflanmasından sonra hər hansı müzakirələrin olub-olmaması ilə bağlı suala Maraqos belə cavab verib: “Avropa İttifaqının Ermənistandakı missiyası Ermənistan hakimiyyətinin tələbi ilə buradadır və nə qədər lazımdırsa, burada qalacaq. Bu, sülh və nizamlanma vasitəsidir, bunu tam dəstəkləyirik”.