BAKI, 28 avqust. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması üçün zəmin yaranıb”.

Teleqraf xəbər verir ki, bunu erməni jurnalist Vahram Atanesyan deyib.

Ermənistan müxalifətinin sərhədlərin açılacağı təqdirdə Türkiyənin Ermənistanı “udacağı” ilə bağlı iddialarına münasibət bildirən jurnalist edib:

“Bu gün İstanbulda on minlərlə erməni yaşayır və işləyir. Bu nə deməkdir ki, sərhəd açılsa, Türkiyə bizi udacaq? Sərhədin açılması hər şeydən əvvəl bizim üçün sərfəlidir. Gümrü-Qars dəmir yolu açılmasa, Avropa ölkələri ilə əlaqəni bərpa edə bilməyəcəyik”.

Atanesyan Türkiyədən Ermənistana hansısa təhlükənin olmadığını bildirib.

Müxalifətin 10 noyabr bəyanatının geri qaytarılması ilə bağlı iddialarına gəlincə, Atanesyan qeyd edib ki, bu rusiyapərəst qüvvələr Vaşinqton razılaşmasına qarşı çıxmaq üçün belə edirlər:

“Onlar vaxtilə 10 noyabr sənədinin kapitulyasiya olduğunu söyləyirdilər, indi isə deyirlər ki, gəlin buna qayıdaq. 8 avqust (Vaşinqton razılaşmaları) 10 noyabrın səhifəsini bağladı”.

Jurnalist Ermənistanın Qarabağla bağlı iddialarının Azərbaycan üçün müharibə səbəbi sayıla biləcəyini də vurğulayıb.

Atanesyan əlavə edib ki, Vaşinqton razılaşmaları iki ölkə arasında yekun sülhün əldə olunması üçün zəmin yaradıb: “Ermənistan 2026-cı il seçkilərinə qədər sazişin imzalanması üçün əlindən gələni etməlidir”.