BAKI, 26 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət katibi Stiven Dotini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

İkitərəfli və regional məsələlərin müzakirə olunduğu görüşdə Nikol Paşinyan bildirib ki, Stiven Doutinin Cənubi Qafqaza səfəri Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə edilmiş, bölgədə sabitlik və proqnozlaşdırıla bilən, daha geniş regional əməkdaşlıq və inkişaf üçün zəmin yaradan razılaşmalar nəzərə alınmaqla çox mühüm və hətta tarixi vaxta təsadüf edir.

Stiven Douti Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəliləyişində Vaşinqtonda əldə edilən tarixi nəticələrə görə baş naziri təbrik edib. O, Britaniyanın bu prosesə dəstəyini vurğulayıb.

Tərəflər Ermənistan-Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə və birgə səylərlə bu məqsədə ardıcıl olaraq nail olmağa hazır olduqlarını təsdiqləyiblər.

Xatırladaq ki, Stiven Douti bundan əvvəl Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.